Ali məktəblərin reytinqinin müəyyənləşdirilməsinə start

Azərbaycanın ali təhsil müəssisələrinin reytinqinin müəyyənləşdirilməsi prosesinə başlanılıb. Bu proses Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunmuş “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nin qalibi olmuş Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) tərəfindən icrasına başlanılan “Azərbaycan Respublikasında ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi çərçivəsinə reallaşır. 

Natiq ƏhmədovAzərbaycanda ilk dəfə həyata keçirilən layihənin məqsədi, perspektivləri və ya digər tərəfləri ilə maraqlanıb. Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Natiq Əhmədov bizimlə söhbətində reytinq məsələsilə bağlı maraqlı məqamlar açıqlayıb. 

- Dünyada ali məktəblərin reytinqi ilk dəfə olaraq 2003-cü ildən aparılır. Sonralar bu proses ayrı-ayrı ölkələrdə müxtəlif təşkilatlar və institutlar tərəfindən gerçəkləşdirilib. Müxtəlif kriteriyalar, o cümlədən, ali məktəblərin internet ünvanının aktivliyinə, onların elektron nəşrlərinin sayına və sair parametrlərə görə reytinq cədvəli hazırlanıb. Beləliklə, bu məsələ bütün dünyada aktuallaşıb. 

- Bəs bu proses MDB məkanında necə aparılır?

- Rusiya Təhsil Nazirliyi tərəfindən 2004-cü ildən etibarən universitetlərin reytinqinin müəyyənləşdirilməsi işi aparılıb. Bu prosesin həyata keçirilməsi işi Patani Xeyriyyə Cəmiyyətinə həvalə edilib. Qazaxıstanda isə ali məktəblərinin reytinqinin müəyyənləşdirilməsi 2006-cı ildən başlayıb. 

- Ali məktəblərinin reytinqinin müəyənləşdirilməsi hansı kriteriyalarla aparılır?

- Reytinqin müəyyənləşdirilməsində eynilik olması üçün 2004-cü ildə YUNESKO-nun ali təhsil üzrə Avropa Mərkəzi və Ali Təhsil sahəsində Siyasət İnstitutu (ABŞ) ranklaşdırma üzrə beynəlxalq ekspert qrupu yaradıblar. Qrup isə ali məktəblərin reytinqinin müəyyənləşdirilməsinin ümumi prinsiplərini və standart metodikasını hazırlayıb. Bu, Berlin prinsipi adlanır. Bu prinsipə görə ali məktəblərin reytinqi bir-birindən asılı olmayan üç müstəqil kateqoriyaya əsasən müəyyənləşdirilir. Bizim də tədqiqatımız həmin kateqoriyalara söykənir. Bunlardan biri ali məktəbin akademik resurslarıdır. Bura ali məktəbin professor-müəllim heyəti, tələbələrin nailiyyəti, tədris, maliyyə resursları, təminat və sair kriteriyalar daxildir. 

İkinci kateqoriya ali məktəbləri daxildən, yəni müəllim və tələbələr tərəfindən qiymətləndirilməsindən ibarət olacaq. Üçüncü kateqoriyaya görə, ali məktəblərin məzunlarının göstəriciləri işə götürənlər, o cümlədən mərkəzi və yerli icra hakimiyyəti orqanları, böyük və kiçik şirkətlər tərəfindən qiymətləndiriləcək. Eyni zamanda hər bir kataqoriyalar daxilində çoxsaylı kriteriyalar olacaq.

- Məsələn, kriteriyalar nədən ibarətdir?

- Deyək ki, biz akademik resurslara aid kataqoriya çərçivəsində 7 kriteriya və 39 indikator əsasında ali məktəblərdən materiallar toplayacağıq. İkinci, hər bir ali məktəb tələbələri 7 qrupla anketləşdirilən suallara cavab verəcək. Yəni universitetlərə anketlər təqdim ediləcək və rektorların tapşırığına əsasən ali məktəblərdə qruplar yaradılacaq. Həmin qrupların iştirakı ilə toplanan materiallar bizə təqdim ediləcək. Həmçinin bizim əməkdaşlar müəllim və tələbələr arasında sorğu həyata keçirəcəklər. Digər tərəfdən, ali məktəb məzunlarının səviyyəsini müəyyənləşdirmək üçün dövlət və özəl təşkilatlara müraciət edəcəyik. Onlar son illər işə götürdükləri, tanıdıqları məzunlar haqqında bağlı məlumatlar toplayaraq bizə verəcəklər. Burda daha çox hansı universitetin məzunlarının işlə təmin olunması məsələsi müəyyən ediləcək. Beləliklə, ali məktəblərin reytinqi 3 kataqoriya çərçivəsində toplanan materialların cəmi ilə müəyyən ediləcək. Yeri gəlmişkən, istərdik ki, universitetlər məzunların işlə təminatı ilə bağlı məlumatların əldə edilməsində bizə kömək etsinlər. 

- Bəs kataqoriyalar üzrə qiymətləndirmə balları necə tərtib ediləcək?

- Birinci kataqoriya, yəni resurların müəyən edilməsinə görə hər bir ali məktəbə maksimum 500 bal verilə bilər. Professor-müəllim heyətinin, tələbələrin tərkibinin keyfiyyəti, ödənişli və ödənişsiz təhsil, xarici tələbələrin sayı, ali məktəblərin elmi-tədqiqat potensialı, maliyyələşmə və əldə edilən gəlirlərin xərclənməsi, tələbə qəbulunun və tədris prosesinin nəticələri, beynəlxalq əməkdaşlığın səviyyəsi, sosial-mədəni həyat və sair kriteriyalar üzrə qiymətləndrmə aparılacaq. 

Məsələn, bizdə tələbə qəbulunun nəticələrinə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası reytinq hazırlayır, amma bu, kriteriyalardan yalnız biridir. Digər tərəfdən, bəzən rektorlar deyir ki, yataqxana problemi olduğu üçün reytinqdə yüksələ blmirlər. Bu da kriteriyalardan yalnız birdir. Halbuki, reytinqin müəyyən edilməsində digər və çoxsaylı kriteriyalar nəzərə alınır. Həmçinin Azərbaycanın ali məktəbləri ilə xarici universitelər arasında əməkdaşlığa dair sənəd imzalanır və bununla da demək olar ki, işi bitmiş hesab edirlər. Əslində isə beynəlxalq əməkdaşlıq yalnız sənəd imzalamaqla bitməməli, proses davamlı olmalıdır. Məsələn, bizdə akademik mobillik demək olar ki, yox dərəcəsindədir. Əslində, müqavilə imzalayandan sonra bir universitetin müəllimi digərində bir il dərs deməli, yaxud tələbə bir il təhsil almalıdır. Amma bizdə bu iş çox zəifdir. Bunun səbəblərindən biri də odur ki, bizim universitetlər akademik mobilliyə demək olar ki, vəsait ayırmırlar. Ona görə də, reytiq cədvəllərində beynəlxalq əməkdaşlıqla bağlı bizim universitetlərin topladığı bal çox aşağı olur. Təcrübə göstərir ki, Ukrayna və Belarus univesitetləri bu məsələdə çox aktivdirlər. Yuxarıda sadaladığım kriteriyalara maksimim 500 bal veriləcək. İkinci, ali məktəblərdə təhsil prosesinin keyfiyyətinin professor-müəllim və tələbələr tərəfindən qiymətləndiriməsinə maksimum 200 bal veriləcək. Üçüncü kataqoriya olan işəgötürənlər tərəfindən qiymətləndirmə üçün isə 300 baldır. 

- Bir sıra təşkilatlar hər il universtetərin reytinqini açıqlayır. Nəticələr barədə nə deyə bilərsiniz?

- Reytinqlər göstərir ki, son 20 ildə ali təhsilin keyfiyyəti aşağı düşüb. Bu səviyyə xüsusən MDB və Şərqi Avropa ölkələrində daha qabarıq görünür. Ona görə də ali təhsilin keyfiyyətinin qaldırılması üçün vaxtaşırı reytinq cədvəlləri qurulur. Cədvəldə hər bir universitet qərarlaşdığı yeri və vəziyyətini, problemlər və çatışmazlıqların harda olduğunu görür. Bu isə universtetləri təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müvafiq addımlar atmağa səfərbər edir. Bizm də məqsədimiz ölkədə ali təhsilin keyfiyyətinin yükəlməsinə töhfə verməkdir. Burda reklamdan söhbət gedə bilməz. Reytinqin nəticələrini dövlət və cəmiyyət bilməlidir. Valideyn bilməlidir ki, övladı hansı ali məktəbdə oxuyur. Ali məktəblər də hansı sahədə problemlərinin olduğunu görməli və onun aradan qaldırılması istiqamətində əməli iş aparmalıdır. Beləliklə, ali təhsilin keyfiyyəti yüksəlməlidir. Digər tərəfdən, beynəlxalq təşkilatların reytinq cədvəlində MDB məkanından adətən Moskva Dövlət Universitetinin adı keçir. Həmin universitet təxminən 200-lükdə yer alır. Bu yaxınlarda Rusiyanın “İnterfaks” Agentliyi başqa bir təşkilatla MDB ölkələrinin, həmçinin Latviya, Litva, Estoniya universitetlərinin reytinq cədvəlini hazırlayıb. Həmin cədvəl beynəlxalq səviyyədə qəbul edilən kriteriyalar əsasında hazırlanıb. Cədvəldə ilk 50-liyə Rusiyadan 35, Ukraynadan 5, Belarusdan 3, Litvadan 2, Estoniyadan 2, Qazaxıstandan 1, Latviyadan 1, Ermənistandan 1 universiet düşüb. Bizim ölkəmizdən heç bir universitet ilk 50-ci yerdə yoxdur. 100-lükdə isə Gürcüstandan 2, Ermənistandan 1, Azərbaycandan isə yalnız Bakı Dövlət Universiteti (61-ci yer) yer alıb. Yəni bu reytinq cədvəli bir daha göstərir ki, Azərbaycanda ali təhsilin səviyyəsi Qazaxıstandan, Gürcustandan, hətta Ermənistandan çox aşağıdır. Bizim universitet rektorları razılaşsalar da, razılaşmasalar da vəziyyət belədir. Yeri gəlmişkən, mən bu məsələ ilə bağlı Moskvaya gedəcəm və reytinqin nəticələrini müzakirə edəcəyik. Açığı, mənim üçün maraqlıdır ki, reytinq cədvəli nə dərəcədə obyektiv aparılıb.

- Layihənin icrası nə vaxt yekunlaşacaq?

- Artıq layihənin icrasına başlanılıb. Layihə 6 aylıqdır. Bu layihə çərçivəsində elektron sayt yaradılacaq. Saytda hər bir universitetin səhifəsi olacaq. Hazırda ali məktəb rəhbərlərinə məktub göndəririk. Layihənin sifarişçisi Təhsil Nazirliyidir və ümid edirəm ki, ali məktəblər reytinqin müəyyənləşdirilməsilə bağlı tədqiqat aparmağımıza etiraz etməyəcəklər. 

Atif Sarıxanlı, Hafta.az 

“Həftə içi” qəzeti, 7 yanvar 2014-cü il.

http://www.hafta-ichi.az/news.php?id=109953

Ziyarətçi: bu gün - 14 | bu ay - 519 | cəmi - 18115
2014. Yeniliklər - Azərbaycan Respublikası ali məktəblərin reytinqləri üzrə tədqiqatlar. © AKTAM təşkilatı.
Powered by V@sif & Joomla 1.7 Templates